
Naxçıvan bu gün təkcə Azərbaycanın qədim və strateji əhəmiyyətli bölgəsi kimi deyil, ölkənin yeni iqtisadi, nəqliyyat və enerji xəritəsində xüsusi yer tutan mühüm inkişaf mərkəzi kimi diqqət çəkir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də muxtar respublikaya səfəri zamanı təqdim edilən layihələr göstərdi ki, qarşıdakı illərdə Naxçıvanda dəyişikliklərin miqyası daha da genişlənəcək. Sənaye müəssisələrinin yaradılmasından yeni nəqliyyat sisteminə, yaşıl enerjidən sosial mənzil tikintisinə, dəmir yollarından turizm infrastrukturuna qədər bir-birini tamamlayan layihələr bütöv bir inkişaf modelinin formalaşdırılmasına hesablanıb. Prezident özü də AzTV-yə müsahibəsində Naxçıvanın hərtərəfli inkişaf etdiyini və səfər zamanı keçirilən tədbirlərin görülən işlərin davamı olduğunu bildirib.
Bu inkişaf modelində ən mühüm məsələlərdən biri Naxçıvanın iqtisadi imkanlarının genişləndirilməsidir. Bu baxımdan 310 hektarlıq ərazidə yaradılacaq Naxçıvan Sənaye Parkı xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təməlini qoyduğu park gələcəkdə müxtəlif istehsal sahələrinin cəmləşdiyi böyük iqtisadi məkana çevrilə bilər. Burada sahibkarların fəaliyyəti üçün elektrik, istilik, qaz, su, rabitə və nəqliyyat infrastrukturu ilə yanaşı, istehsal, inzibati və sosial obyektlərin yaradılması nəzərdə tutulur. Artıq potensial investorların cəlb olunması istiqamətində danışıqların aparılması layihənin yalnız kağız üzərində qalan təşəbbüs deyil, praktiki iqtisadi fəaliyyətə hesablanan böyük platforma olduğunu göstərir.
Sənaye Parkının yaradılmasının əsas nəticələrindən biri yeni iş yerlərinin açılması ola bilər. Prezident İlham Əliyev də Naxçıvanın inkişafından danışarkən məşğulluq məsələsini xüsusi diqqətə çatdıraraq müasir sənaye komplekslərinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Bu baxımdan yeni sənaye parkı istehsalın genişləndirilməsi ilə yanaşı, sahibkarlığın inkişafına, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinə və özəl investisiyaların Naxçıvana yönəlməsinə əlavə imkanlar aça bilər.
Naxçıvanın gələcəyini müəyyənləşdirəcək başqa bir istiqamət enerji sektorudur. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının hər birinin gücü 25 MVt olacaq. İki layihə birlikdə Naxçıvanın elektrik enerjisi istehsalına əlavə 50 MVt güc qazandıracaq. Burada diqqət çəkən məqam yalnız yeni elektrik enerjisinin istehsalı deyil. Layihələr təbii qaz sərfiyyatının və karbon emissiyalarının azalmasına da imkan yaradacaq. Beləliklə, Naxçıvanda iqtisadi inkişafla ekoloji yanaşmanın paralel aparılması üçün yeni enerji infrastrukturu formalaşdırılır.
Lakin qarşıya qoyulan hədəf 50 MVt-la yekunlaşmır. Prezident İlham Əliyevin açıqladığı perspektiv daha böyükdür. Dövlət başçısı Naxçıvanda Günəş enerjisi istehsalının ən azı 500 MVt, hətta gələcəkdə 1000 MVt səviyyəsinə çatmasının mümkün olduğunu bildirib. Bu rəqəmlər Naxçıvanın gələcəkdə böyük yaşıl enerji istehsalçısına çevrilməsi perspektivini ortaya qoyur. Burada istehsal ediləcək enerjinin Türkiyə və İran istiqamətində, daha sonrakı mərhələdə isə Avropa bazarına çıxarılması imkanlarının nəzərdən keçirilməsi məsələyə regional miqyas verir.
Naxçıvanın coğrafi mövqeyini iqtisadi üstünlüyə çevirə biləcək ən böyük layihələrdən biri isə yeni nəqliyyat bağlantılarıdır. Zəngəzur dəhlizinin formalaşması ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa kommunikasiya imkanının yaradılması təkcə ölkədaxili bağlantı məsələsi deyil. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu yol Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm qollarından birinə çevrilə bilər. Bu isə Naxçıvanın regional yükdaşımaların kəsişdiyi strateji mərkəzlərdən biri olması üçün tamamilə yeni perspektiv yaradır.
Bu məqsədlə dəmir yolu infrastrukturu da yeni tələblərə uyğunlaşdırılır. Mövcud xəttin sadəcə təmir olunması deyil, onun yükaşırma imkanlarının dəfələrlə artırılması qarşıya məqsəd qoyulub. Prezident bildirib ki, mövcud təxminən 1,5 milyon tonluq imkan gələcək perspektiv üçün kifayət etmir və hədəf ən azı 15 milyon ton yükün daşına biləcəyi dəmir yolu infrastrukturu yaratmaqdır. Belə bir göstəricinin əldə edilməsi Naxçıvanın tranzit əhəmiyyətini köklü şəkildə dəyişə və bölgədə logistika, xidmət və istehsal sektorlarının inkişafına əlavə təkan verə bilər.
Nəqliyyatda dəyişikliklər yalnız beynəlxalq dəhlizlərlə məhdudlaşmır. Naxçıvan şəhərinin gündəlik ictimai nəqliyyat sistemində də yeni mərhələ başlanır. Şəhər üçün alınmış 60 elektrik mühərrikli avtobus ekoloji cəhətdən daha təmiz nəqliyyat sisteminə keçidi təmin etməklə yanaşı, xidmətin rəqəmsallaşdırılmasını da nəzərdə tutur. Bank kartı, QR kod, “Apple Pay” və “Google Pay” ilə ödəniş, real vaxt rejimində monitorinq və rəqəmsal dispetçer sistemi şəhər nəqliyyatının idarə olunmasına yeni yanaşmanın tətbiq edildiyini göstərir. Bunun ardınca rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınmasının planlaşdırılması dəyişikliklərin bütün muxtar respublikanı əhatə edəcəyini göstərir.
İqtisadi layihələrlə yanaşı, insanların yaşayış şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmır. Naxçıvan şəhərində təməli qoyulan 518 mənzillik sosial yaşayış kompleksi bunun nümunəsidir. Beş hektara yaxın ərazidə yaradılacaq kompleks 16 yaşayış binasından ibarət olacaq. Burada yalnız mənzillərin tikintisi deyil, insanların gündəlik həyatına lazım olan sosial və kommunal infrastrukturun formalaşdırılması nəzərdə tutulur. Uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər və yaşıllıq sahələrinin yaradılması yaşayış məhəlləsinin kompleks şəhərsalma yanaşması əsasında qurulacağını göstərir.
Naxçıvanın inkişaf strategiyasının fərqləndirici cəhətlərindən biri müasir layihələrin tarixi və milli irsin qorunması ilə yanaşı aparılmasıdır. Prezident İlham Əliyev Möminə xatun məqbərəsinin bərpasından və digər tarixi-mədəni abidələrin qorunmasından danışarkən milli kimliyin, mədəniyyətin, dilin, ədəbiyyatın və tarixin görülən bütün işlərin təməlində dayandığını xüsusi vurğulayıb. Bu yanaşma Naxçıvanın gələcəyinin qurulması prosesində onun çoxəsrlik simasının qorunmasına verilən əhəmiyyəti nümayiş etdirir.
Muxtar respublikanın turizm imkanlarının genişləndirilməsi də qarşıdakı dövrün vacib istiqamətlərindəndir. Naxçıvan zəngin tarixi abidələrə, təbiətə və turizm üçün əlverişli coğrafiyaya malik olsa da, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mehmanxana infrastrukturunun məhdudluğu bu potensialdan tam istifadə edilməsinə mane olur. Şəhərin mərkəzində yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması bu boşluğun aradan qaldırılması istiqamətində mühüm addımlardan biri olacaq. Nəqliyyat bağlantılarının genişlənməsi ilə turizm infrastrukturu paralel inkişaf etdirilərsə, Naxçıvanın xarici turistlər üçün əlçatanlığı da əhəmiyyətli dərəcədə arta bilər.
Səfər zamanı müdafiə və təhlükəsizlik məsələlərinə ayrılan diqqət isə Naxçıvanın strateji mövqeyindən irəli gələn xüsusi yanaşmanı bir daha nümayiş etdirdi. Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat-komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması Naxçıvanın hərbi potensialının gücləndirilməsi istiqamətində görülən işlərin davamıdır. Prezident İlham Əliyev Azərbaycanın əsas ərazisi ilə birbaşa coğrafi bağlantısı olmayan Naxçıvanın təhlükəsizliyinə daim xüsusi diqqət göstərildiyini bildirib.
Bütün layihələri bir araya gətirdikdə Naxçıvan üçün qurulan modelin mahiyyəti daha aydın görünür. Burada məqsəd ayrı-ayrı sahələr üzrə lokal dəyişikliklər aparmaqdan daha genişdir. Yeni sənaye zonaları iqtisadiyyatı və məşğulluğu, dəmir yolları və avtomobil yolları logistikanı, Günəş və su elektrik stansiyaları enerji sektorunu, sosial mənzillər və ictimai nəqliyyat insanların həyat keyfiyyətini, tarixi abidələrin bərpası və yeni mehmanxanalar isə mədəniyyət və turizmi gücləndirməyə hesablanıb.
Prezident İlham Əliyevin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya əsasında inkişaf etdirilməsi barədə açıqlaması da bu mənzərənin strateji mahiyyətini ortaya qoyur. Dövlət başçısı bu üç bölgənin müasir inkişaf yanaşmaları əsasında bir-birini tamamlayan məkan kimi formalaşdırılmasını nəzərdə tutduğunu bildirib. Beləliklə, Naxçıvan üçün qarşıya qoyulan məqsəd yalnız mövcud problemlərin həlli deyil, muxtar respublikanın Azərbaycanın və daha geniş regionun iqtisadi, nəqliyyat və enerji sistemində rolunun yeni səviyyəyə yüksəldilməsidir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı görülən işlər və açıqlanan planlar göstərir ki, qədim diyar qarşıdakı illərdə böyük transformasiya mərhələsinə daxil olur. Sənaye, yaşıl enerji, beynəlxalq nəqliyyat, müasir şəhər infrastrukturu, sosial təminat, turizm və təhlükəsizliyin eyni strategiyada birləşdirilməsi Naxçıvanın gələcək inkişafının əsas xəttini müəyyənləşdirir. Bu layihələrin ardıcıl həyata keçirilməsi ilə Naxçıvanın həm Azərbaycan daxilində, həm də region miqyasında iqtisadi və strateji çəkisinin daha da artması üçün geniş imkanlar yaranır.