
Azərbaycanın müasir tarixində baş verən böyük dəyişikliklər, əldə olunan mühüm nailiyyətlər və milli hədəflərin gerçəkləşdirilməsi Prezident İlham Əliyevin rəhbərlik fəaliyyəti ilə sıx bağlıdır. Onun siyasi kursunda Azərbaycanın maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin öz gələcəyini sərbəst müəyyən edən qüdrətli dövlət kimi mövqeyinin təmin olunması əsas xətt təşkil edir. İllər ərzində verilən strateji qərarlar Azərbaycanın yalnız iqtisadi imkanlarını deyil, siyasi və diplomatik çəkisini də əhəmiyyətli dərəcədə artırıb.
Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsinin mühüm xüsusiyyətlərindən biri qarşıya qoyulan məqsədlərin mərhələli və ardıcıl şəkildə həyata keçirilməsidir. Azərbaycanın şəhər və rayonlarında aparılan geniş quruculuq işləri, müasir yol və nəqliyyat şəbəkəsinin yaradılması, enerji, su və digər kommunal infrastrukturun yenilənməsi ölkənin simasını əhəmiyyətli dərəcədə dəyişib. Vaxtilə ciddi infrastruktur problemləri yaşayan bir çox yaşayış məntəqəsində yeni imkanların yaradılması dövlət siyasətinin regionları da əhatə edən geniş miqyasını nümayiş etdirir.
Ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi də Prezident İlham Əliyevin rəhbərliyi dövrünün mühüm istiqamətlərindəndir. Azərbaycanın enerji gəlirlərinin uzunmüddətli dövlət maraqlarına yönəldilməsi ilə yanaşı, qeyri-neft iqtisadiyyatının genişləndirilməsinə xüsusi diqqət ayrılıb. Sənaye zonalarının yaradılması, aqrar sektorun müasirləşdirilməsi, yerli istehsalın təşviqi, sahibkarlar üçün yeni imkanların formalaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi iqtisadiyyatın daha geniş dayaqlar üzərində qurulmasına xidmət edir.
İlham Əliyevin prezidentliyi dövrünün ən mühüm tarixi hadisəsi isə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi oldu. Uzun illər xalqın ən böyük milli məsələsi olan Qarabağ probleminin həlli Azərbaycanın tarixində yeni səhifə açdı. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan Ordusunun gücünü, xalqın birliyini və dövlətin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Sonrakı proseslərdə ölkənin bütün ərazisində suverenliyinin təmin olunması bu tarixi nəticəni daha da möhkəmləndirdi. Bu gün Azərbaycan bayrağının bütün suveren ərazilərimizdə dalğalanması xalqımız üçün böyük qürur mənbəyidir.
Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanmış böyük quruculuq prosesi dövlətin qarşısına qoyduğu yeni tarixi vəzifənin göstəricisidir. İllərlə dağıdılmış ərazilərdə şəhərlər, kəndlər və qəsəbələr yenidən qurulur, yaşayış kompleksləri salınır, avtomobil və dəmir yolları çəkilir, tunellər və körpülər tikilir, hava limanları istifadəyə verilir. Məktəblərin, səhiyyə müəssisələrinin, istehsal və xidmət obyektlərinin yaradılması həmin torpaqlarda həyatın tam şəkildə bərpasına hesablanıb. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıtması isə görülən bütün bu işlərə xüsusi məna qazandırır.
Prezident İlham Əliyevin dövlətçilik xəttində Azərbaycan Ordusunun gücləndirilməsi daim prioritet məsələlərdən olub. Müasir silah və texnikanın əldə edilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müdafiə sənayesinin inkişaf etdirilməsi və ordunun döyüş imkanlarının genişləndirilməsi uzun illər davam etdirilən məqsədyönlü siyasətin tərkib hissəsi olub. Güclü ordunun yaradılması Azərbaycanın təhlükəsizliyinin və milli maraqlarının müdafiəsində əsas dayaqlardan birinə çevrilib.
Azərbaycanın müstəqil xarici siyasət yürütməsi də Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mühüm xüsusiyyətlərindən biridir. Bakı dünyanın müxtəlif güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraq və hörmət prinsipləri əsasında qurmağa çalışır. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu enerji və nəqliyyat layihələri ölkəni Avropa ilə Asiya arasında mühüm əlaqələndirici mərkəzlərdən birinə çevirib. Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsi də xarici siyasətin diqqət çəkən istiqamətlərindən biridir.
Dövlət başçısının fəaliyyətində şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət xüsusi mənəvi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin sosial müdafiəsi və qazilərin qayğılarının həlli istiqamətində müxtəlif dövlət proqramları həyata keçirilir. Mənzil təminatı, sosial ödənişlər, reabilitasiya və digər dəstək mexanizmləri bu siyasətin mühüm istiqamətlərini təşkil edir. Şəhidlərin əziz xatirəsinin dövlət səviyyəsində uca tutulması həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsinin ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın beynəlxalq miqyasda tanıdılması istiqamətində də geniş fəaliyyət həyata keçirilib. Bakı müxtəlif qlobal tədbirlərin, siyasi və iqtisadi forumların, idman yarışlarının və beynəlxalq görüşlərin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Azərbaycanın dünya miqyasında mühüm təşəbbüslərdə iştirak etməsi ölkənin beynəlxalq münasibətlər sistemindəki rolunun genişlənməsinə imkan yaradıb.
Bu gün Azərbaycanın qarşısında artıq əvvəlki onilliklərdən fərqli vəzifələr dayanır. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət olaraq əsas hədəflər əldə olunan nəticələrin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun tam dirçəldilməsi, iqtisadi imkanların genişləndirilməsi və gələcək nəsillər üçün daha qüdrətli Azərbaycanın qurulmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçilən yol göstərir ki, milli maraqlara söykənən siyasi iradə, xalq-dövlət birliyi və müəyyən edilmiş məqsədlər uğrunda ardıcıl fəaliyyət Azərbaycanın müasir tarixinin ən mühüm səhifələrinin yazılmasında həlledici rol oynayıb.